
22 may 20263 dəq. oxuma
Azerbaijan Green Energy Company (AGEC)-nin törəmə şirkəti "Clean Energy Cəbrayıl" MMC ilk bərpa olunan enerji layihəsi üzrə maliyyələşmə prosesini uğurla başa çatdırıb. Layihə çərçivəsində Ziraat Bank tərəfindən 10 il müddətinə 30 milyon manat ekvivalentində layihə maliyyələşdirilməsi təmin edilib.
Cəbrayıl rayonunda 130 hektar ərazidə inşa olunan 50 MVt gücündə günəş elektrik stansiyasının tikinti işləri hazırda aktiv şəkildə davam edir. Layihə çərçivəsində istehsal olunacaq elektrik enerjisinin alıcıları sırasında yerli özəl şirkətlər və Azərenerji ASC yer alır.
Bununla yanaşı, layihənin icrasında yerli podratçı şirkətlərlə əməkdaşlıq həyata keçirilir ki, bu da regionda məşğulluğun artırılmasına və yerli iqtisadiyyatın inkişafına töhfə verir.
AGEC dayanıqlı enerji layihələrinə investisiya yatırmaqla Azərbaycanın yaşıl enerji strategiyasını dəstəkləməyə, bərpa olunan enerji sahəsində yeni tərəfdaşlıqlar qurmağa və ölkənin enerji keçidinə töhfə verməyə davam edir.