
21 iyl 20265 dəq. oxuma
PAŞA Bank və "CEİ Naxçıvan" MMC ,Azerbaijan Green Energy Company (AGEC)-nin törəmə şirkəti Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsinin maliyyələşdirilməsi üzrə kredit müqaviləsi imzalayıblar.
Babək rayonu ərazisində inşa ediləcək layihə Naxçıvanın bərpa olunan enerji potensialının artırılmasına, regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə və Azərbaycanın yaşıl enerji hədəflərinin reallaşdırılmasına töhfə verəcək. Layihə həmçinin ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılmasını və aşağı karbonlu iqtisadiyyata keçidin sürətləndirilməsini dəstəkləyir.
PAŞA Bankın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev bildirib ki, layihə Bankın yaşıl maliyyələşdirmə strategiyasının tərkib hissəsi olmaqla, Azərbaycanın dayanıqlı inkişafına və enerji keçidinə verilən növbəti töhfədir.
AGEC-in İdarə Heyətinin sədr müavini və Clean Energy İnvest şirkətinin Baş icraçı direktoru Xəyalə Nağıyeva isə qeyd edib ki, “Şəms 1” layihəsi Naxçıvanın yaşıl enerji mərkəzinə çevrilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, maliyyə sektoru ilə qurulan strateji tərəfdaşlıqlar bərpa olunan enerji layihələrinin uğurlu icrası və Azərbaycanın uzunmüddətli enerji hədəflərinə nail olunması üçün vacib rol oynayır.
Belə strateji layihələrin uğurlu icrasında enerji və maliyyə sektorları arasında formalaşan əməkdaşlıqlar xüsusi əhəmiyyət daşıyır. Bu tərəfdaşlıqlar bərpa olunan enerji layihələrinin davamlı maliyyələşdirilməsinə, yaşıl investisiyaların təşviqinə və Azərbaycanın enerji keçidinin sürətləndirilməsinə mühüm töhfə verir.
AGEC bərpa olunan enerji sektoruna yönəlmiş strateji investisiyalar və iri miqyaslı layihələr vasitəsilə Azərbaycanın yaşıl enerji keçidini sürətləndirməyə və dayanıqlı enerji gələcəyinin formalaşdırılmasına töhfə verməyə davam edir.